Fransanın paytaxtı Parisin 9-cu rayonunda polis əməkdaşının əlləri qandallı şəxsə sillə vurduğunu əks etdirən görüntü sosial şəbəkələrdə yayıldıqdan sonra hadisə ilə bağlı araşdırma başlanılıb.
Hafta.az xəbər verir ki, iyunun 21-də Jan Batist Sey küçəsində yerli sakin tərəfindən lentə alınan görüntüdə üç polis əməkdaşının bir nəfəri saxladığı görünür.
Görüntüyə əsasən, saxlanılan şəxs polis baş briqadirini təhqir etdikdən sonra həmin polis ona yaxınlaşaraq “Məni təhqir edirsən?” deyib və əli ilə onun sifətinə zərbə endirib. Həmin vaxt şəxsin əlləri qandallı olub və onun özünü müdafiə etmək imkanı olmayıb.
ViolencesPolicieres.fr saytının məlumatına görə, hadisəni əks etdirən görüntü 5 dəqiqə 58 saniyədir.
Görüntüdə polis əməkdaşının “Məni təhqir etməyin nə olduğunu sənə öyrədəcəyəm” dediyi də eşidilir.
Paris Prokurorluğu dövlət hakimiyyəti nümayəndəsi tərəfindən zorakılığın törədilməsi ehtimalı ilə cinayət işi açıb və araşdırmanı Paris Polis Prefekturasının Etika, Təhlil və Qiymətləndirmə Xidmətinə həvalə edib.
Ölkənin Milli Polisi isə paralel olaraq inzibati istintaqın başlandığını təsdiqləyib.
Fransa qanunvericiliyinə əsasən, dövlət hakimiyyəti nümayəndəsini təhqir etmək bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Dövlət vəzifəli şəxs tərəfindən törədilən zorakılıq əməllərinə görə isə üç ilədək həbs cəzası nəzərdə tutulur.